Ukrayna ilə Türkiyə döyüş dronları istehsal edəcəklər

Yeni birgə müəssisənin iki ölkənin müdafiə gücünü artıracağı bildirilir...

Bakı, , İnteraz - 10 Avqust 2019, 17:00

Ukrayna ilə Türkiyə arasında yüksək sərrast silahlar və hava-kosmik texnologiyalarda ixtisaslanan birgə müəssisə yaradılıb.

 

İnterAz xəbər verir ki, bu barədə məlumat Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının (NSDC) saytında yerləşdirilib.

 

Məlumata görə, “Ukroboronprom” dövlət hərbi sənaye təşkilatının tərkibindəki hərbi məhsulların ixracatı ilə məşğul olan “Ukrspecexport” dövlət təşkilatı ilə Türkiyənin “Baykar Defence” şirkəti arasında imzalanan müqaviləyə əsasən yeni müəssisənin başlıca vəzifəsi hər iki ölkənin hərbi sənaye imkanlarını müasir silahların istehsalı üçün birləşdirməkdir.

 

İlk layihələrdən biri yeni nəsil pilotsuz uçuş vasitələr hazırlamaqdır. Həmin dronlar uzun müddət havada qalaraq yüksək hündürlükdən təfərrüatlı kəşfiyyat aparmaq, böyük miqdarda silah daşımaqla yüksək sürətlə uçaraq sərrast silahların geniş çeşidindən düşmən mövqelərinə zərbə endirməyə qadir olacaq. Həmin vasitələr ən müasir material və texnologiyalar əsasında istehsal olunaraq Ukrayna istehsallı mühərriklərlə təchiz olunacaq.

 

Yeni birgə müəssisənin iki ölkənin müdafiə gücünü artıracağı bildirilir.

 

Xatırladaq ki, avqustun 7-8-də Ukrayna prezidenti Volodımır Zelenskinin Türkiyəyə səfəri həyata keçirilib.