Nikol Paşinyan ABŞ-a səfərə gedir

Proqramda Ermənistan baş nazirinin sessiya çərçivəsində ABŞ Prezidenti Donald Trampla görüşü barədə məlumat verilməyib...

Bakı, Aytən Əliyeva, İnteraz - 17 Sentyabr 2019, 13:04

Ermənistanın baş naziri Nikol Paşinyanın ABŞ-a səfərinin gündəliyi açıqlanıb.

 

İnterAz “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bu barədə baş nazirin mətbuat xidməti açıqlama yayıb.

 

Bildirilib ki, sentyabrın 21-də Nikol Paşinyan ABŞ-a işgüzar səfərə yola düşəcək.

 

Sentyabrın 22-də Los-Ancelesdə, şəhərin mərkəzində mitinqdə iştirak və çıxış edəcək. Kaliforniya ştatı və şəhərinin rəhbərliyi, erməni icmasının nümayəndələri və erməni KİV-in təmsilçiləri ilə görüşü gözlənilir. Nikol Paşinyanın yerli iş adamlarının iştirakı ilə keçiriləcək biznes foruma da qatılacağı planlaşdırılıb. O, San-Xosedə yüksək texnologiyalar sahəsinin təmsilçiləri, erməni etnik qrupunun nümayəndələri olan mütəxəssislərlə görüşəcək.

 

Onun Nyu-Yorkda BMT Baş Assambleyasının 74-cü sessiyasında iştirak və çıxışı nəzərdə tutulub. N.Paşinyan BMT-nin Baş katibi Antonio Quterreş ilə də görüşəcək.

 

Proqramda Ermənistan baş nazirinin sessiya çərçivəsində ABŞ Prezidenti Donald Trampla görüşü barədə məlumat verilməyib.