Çilidə hakimiyyət və müxalifət konstitusiya referendumu barədə razılığa gəlib

Çili hakimiyyəti və müxalifəti 2020-ci ilin aprel ayında ölkədə yeni konstitusiya referendumun keçirilməsi barədə razılığa gəlib...

Bakı, Gülnarə Quliyeva, , İnteraz - 15 Noyabr 2019, 12:23

Çili hakimiyyəti və müxalifəti 2020-ci ilin aprel ayında ölkədə yeni konstitusiya referendumun keçirilməsi barədə razılığa gəlib.

 

İnterAz AZƏRTAC-a istinadla xəbər verir ki, uzun sürən danışıqlardan sonra Çili senatının rəhbəri Hayme Kintana ölkənin hakim partiyası və müxalifət arasında 1981-ci ildən qüvvədə olan konstitusiyanın dəyişməsinə yönələn tarixi sazişə nail olunduğunu deyib. Onun sözlərinə görə, bu, böhrandan demokratik və dinc çıxış yolu və bütün vətəndaşların qələbəsidir.

 

Sazişin ilk 12 maddəsi ictimai asayişin bərpa olunmasını nəzərdə tutur. İki səhifəlik sənəd ölkədə təlatümlərin başlamasından 28 gün sonra qəbul edilib.

 

Xatırladaq ki, Çilidə oktyabr ayının əvvəlində metroda gediş haqqının bahalaşması kütləvi etirazların başlamasına səbəb olub. Aksiya iştirakçıları, həmçinin pulsuz təhsil və səhiyyə xidmətinin lazımi səviyyədə olmamasına, maaşların azlığına və qiymətlərin artmasına etiraz edirlər.