Ayətullah Xamenei: Süleymaninin dəfn mərasimi və ABŞ-a raket zərbələri günü seçilmiş İlahi günlərdir

Süleymaninin dəfn mərasimi və ABŞ qərargahına raket zərbələri günü "Əyyamullah"dır. ..

Bakı, Gülnarә Quliyeva, İnteraz - 17 Yanvar 2020, 13:43

"Süleymaninin dəfn mərasimi və ABŞ qərargahına raket zərbələri günü "Əyyamullah"dır. Süleymaninin əbədi evə o şəkildə yola salınmasını gördünüzmü?! Həmçinin ABŞ-ın heybətinə vurulan o zərbələr adi zərbələr deyildi. Keşikçilər Ordusu ABŞ-a ilk şilləni vurdu. Qaldı əsas iş, o da ABŞ-ın bölgədən çıxmasıdır."

 

İnterAz SalamNews-a istinadən xəbər verir ki, bunu İranın İslam İnqilabının Ali lideri Ayətullah Seyid Əli Xamenei deyib.

 

Son səkkiz ildə ilk dəfə olaraq cümə namazına imamlıq edən Ayətullah Xamenei bu namazın xütbələrində İran ətrafında və regionda baş verən cari məsələlər haqda mesajlar verib.

 

Bu xütbələrdə Qasim Süleymaninin həyat yolundan, onun İraq və Suriyada İŞİD terror təşkilatı ilə mübarizəsindən, Livan və sair bölgələrdə İsrailə qarşı fəaliyyətindən, digər müsəlman bölgələrində təcavüzə və zülmə məruz qalmış müsəlman toplumlarına yardımlarından söz açan Ayətullah Xamenei, generalın dəfn mərasimi gününü eləcə də ondan sonra ABŞ bazalarına endirilən raket zərbələrinin gününü "Əyyamullah" və seçilmiş ilahi günlər adlandırıb.

 

"İranda Qasim Süleymaninin dəfn mərasimində on milyonlarla,  xaricdə isə yüz minlərlə insan küçələrə axışdılar.  Onlar Qüds Ordusunun komandanının qanına görə çıxdılar və dünyanın ən böyük yola salma mərasimini formalaşdırdılar. Bu İlahi günlərdən biridir", deyə Ayətullah Xamenei bundan sonra generalın yolunun daha kütləvi və əzmkarlıqla davam edəcəyini bildirib.

 

Ayətullah Xamenei xütbə çıxışı zamanı raket hücumu günü səhvən vurulan Ukrayna təyyarəsi məsələsinə də toxunub. Bu faciəyə görə özünün, İranın və iranlılarının ürəklərinin sızladığını deyən Ayətullah Xamenei əlavə edib ki, təqsirkarlar məsuliyyətə cəlb edilməlidir. Onun sözlərinə görə sözügedən məsələdən xarici tərəflərin İrana qarşı yararlanması və ya Sepaha qarşı alət kimi istifadə edilməsinə də icazə verilməyəcək.

 

Ayətullah Xamenei bu xütbələr zamanı ərəb dilində danışıb və regionla bağlı mühüm mesajlar verib.

 

"Çoxlu qərəzli cəhdlər etdilər ki, İran - İraq xalqlarını bir-birilə qarşıdurmaya çəksinlər. Çoxlu pullar sərf etdilər. Çox məsuliyyətsiz şəxləri bu işə cəlb etdilər ki, bu şeytani propaqandayla İranla İraqı üz-üzə qoysunlar. Amma Süleymani ilə əl-Mühəndisin bir yerdə, iraqlı iranlı hərbçilərin bir yerdə ABŞ tərəfindən terrora məruz qalması və bu şəhidlik həmin şeytani səyləri zərərsizləşdirdi.", deyə Ayətullah Xamenei İraq parlamentinin ABŞ qüvvələrinin çıxması ilə bağlı qərarını təqdir edib və bu ölkə xalqına ABŞ-ın, onun bölgədəki müttəfiqlərinin təfriqə salan planları barədə xəbərdarlıq edib.