ABŞ BMT-nin İsrailə qarşı qərarını pisləyib

Mayk Pompeo İsrailin işğal etdiyi Fələstin ərazilərində itikinti işləri aparan şirkətlərin siyahısının BMT tərəfindən dərc edilməsi və açıqlanmasını pisləyib...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 14 Fevral 2020, 11:53

ABŞ dövlət katibi Mayk Pompeo İsrailin işğal etdiyi Fələstin ərazilərində itikinti işləri aparan şirkətlərin siyahısının BMT tərəfindən dərc edilməsi və açıqlanmasını pisləyib.

 

İnterAz SalamNews-a istinadla xəbər verir ki, ABŞ dövlət katibi Mayk Pompeo BMT-nin İsrailə qarşı son addımını pisləyərək, bildirib ki, rəsmi Vaşinqton fəaliyyətləri qeyri qanuni elan edilmiş şirkətlər barədə BMT-ə məlumat verməyəcək.

 

O iddia edib ki, BMT-nin İnsan Hüquqları Ali Şurasının addımı Yaxın Şərqdə sülh prosesinə zərbə vuracaq.

 

Qeyd edək ki, BMT-nin İnsan hüquqları üzrə Ali Kommisarlığı İsrailin işğalında olan ərazilərdə tikinti-inşaat işlərilə məşğul olan şirkətlərin siyahısını dərc edib və onların fəaliyətini qeyri-qanuni hesab edib. Bu siyahıda 112 daxili və xarici şirkətin adı yer alıb. Onlardan 94-ün mərkəzi ofisi elə İsrailin işğalında olan ərazilərdə, qalanı isə 6 xarici dövlətdədir.

 

BMT-nin İnsan hüquqları üzrə Ali Kommisarlığı bu şirkətlərin fəaliyyətini, eləcə də onların İordan çayının qərbində apardığı inşaat işlərini qeyri-qanuni elan edib.

 

Bunun ardından İsrail BMT-nin İnsan hüquqları üzrə Ali Kommisarlığı ilə əlaqələri dayandırdığını bildirib.

 

Xatırladaq ki, İsrail sözügedən Fələstin ərazilərini 1967-ci ildə işğal edib. İsrail burada azı 80 şəhər və qəsəbə salıb. Benyamin Netanyahu seçkilərdə qalib gələcəyi təqdirdə İsrailin bu ərazilərdə suverenliyini rəsmən elan edəcəyini bildirib.

 

Qeyd edək ki, sözügedən ərazilər və salınan yaşayış massivləri ABŞ prezidenti Donald Trampın planına əsasən də İsrail əraziləri kimi verilib.