ABŞ-da irqçiliyə qarşı keçirilən etirazlar zamanı 40 nəfər saxlanılıb

Təhlükəsizlik işçilərindən birinin başına zibil qutusu ilə vurublar...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 29 May 2020, 13:58

ABŞ-ın Nyu-York şəhərinin hüquq-mühafizə orqanlarının əməkdaşları Minnesota ştatının Minneapolis şəhərində polis tərəfindən saxlanılan afroamerikalı Corc Floydun ölümü ilə əlaqədar cümə axşamı keçirilən etiraz aksiyasında iştirak edən 40-dan çox adamı saxlayıb.

 

İnterAz report-a istinadən xəbər verir ki, bu barədə “Fox News” telekanalı məlumat yayıb.

 

Qeyd olunur ki, şəhərdəki nümayişlər bəzi hallarda polislə toqquşmalara çevrilib. Təhlükəsizlik işçilərindən birinin başına zibil qutusu ilə vurublar. Ümumilikdə dörd polis yaralanıb, onlar şəhər xəstəxanalarına çatdırılıb. Teleşirkətin məlumatında saxlanılanlardan birinin üzərindən bıçaq tapılıb.

 

Xatırladaq ki, mayın 25-də internetdə yayılan videoda C.Floydun saxta əskinaslarla ödəniş etdiyi şübhəsi ilə saxlanılma anının videosu yayılıb. Ağdərili polis afroamerikalının qoluna qandal vuraraq onu yerə yıxıb və ardından dizini boynuna qoyur. Videoda Floydun nəfəs ala bilmədiyini qışqırdığı, ancaq polisin buna əhəmiyyət vermədiyi də görünür. Bu olaydan qısa müddət sonra saxlanılan şəxs xəstəxanada ölüb.