Pelosi Trampı Rusiyaya qarşı hər iddianı heçə saymaqda ittiham edib

ABŞ nümayəndələr Palatasının spikeri Nensi Pelosi ABŞ lideri Donald Trampı Rusiyaya qarşı hər iddianı qulaqardına vurmaqda ittiham edib...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 29 Iyun 2020, 11:04

ABŞ nümayəndələr Palatasının spikeri Nensi Pelosi ABŞ lideri Donald Trampı Rusiyaya qarşı hər iddianı qulaqardına vurmaqda ittiham edib.

 

"Prezident Rusiyaya qarşı irəli sürülən ittihamları iqnor etmək istəyir. Rusiya Əfqanıstanda yaşadığı təhqirdən qurtula bilməyib. İndi də bizdən, hərbçilərimizdən onun əvəzini çıxmaq istəyirlər. Bu tamamilə qəbul edilməzdir. Prezident bu barədə eşitdiyi dəqiqə nəsə bildiyini inkar etmək əvəzinə, daha çox öyrənmək istəməli idi”, deyə Pelosi "ABC News" kanalına açıqlamasında deyib.

 

Onun sözlərinə görə, Tramp Rusiya üçün bir hədiyyədir. O, Rusiya tərəfinin siyasətçiyə necə təsir etdiyini bilmədiyini, amma bütün yolların "Putinə apardığını" bildirib.

 

İnterAz xəbər verir ki, Tramp Twitter-də yazıb ki, ABŞ kəşfiyyatı, Rusiyanın ABŞ hərbçilərinin öldürülməsinə görə əfqan yaraqlılarına mükafat təklif etmək cəhdləri ilə bağlı məlumatların əsassız olduğunu etiraf edib.

 

"Mənə elə indicə məlumat gəldi ki, kəşfiyyat bu məlumatlarını əsassız hesab etmədiyi üçün mənə və  vitse-prezidentə bu barədə heç nə deməyib. Ola bilsin ki, bu "The New York Times" yalançı  qəzetin respublikaçılara böhtan atmaq üçün təşkil etdiyi Rusiya mövzusundakı daha bir uydurmadır", deyə Ağ Ev rəhbəri əlavə edib.

 

Qeyd edək ki, ABŞ kəşfiyyatçıları belə bir qənaətə gəlib ki, Rusiya hərbi kəşfiyyatı gizli şəkildə Taliban yaraqlılarına ABŞ və NATO hərbçilərini öldürmək üçün mükafat təklif edib.

 

"The New York Times" qəzetinin məlumatına görə, mükafatla bağlı işlərlə Avropadakı əməliyyatlara görə cavabdeh olan Rusiya kəşfiyyat bölməsi məşğul olub.

 

Rusiya Xarici İşlər Nazirliyi, Əfqanıstanda ABŞ hərbçilərinin öldürülməsində Rusiyanın əli olduğuna dair "New York Times" qəzetində çıxan məlumatları saxta adlandırıb.