İran prezidenti: Dünya dövlətlərindən heç biri koronavirusa görə iqtisadiyyatını 6 aylıq dayandıra bilməz

Hamı bilməlidir ki, iqtisadi fəaliyyəti və işləri uzun müddət üçün tətil etmək mümkün deyil...

Bakı, Gülnarә Quliyeva, İnteraz - 11 Iyul 2020, 13:18

“Hamı bilməlidir ki, iqtisadi fəaliyyəti və işləri uzun müddət üçün tətil etmək mümkün deyil. Bunu dünyada heç bir dövlət altı aylıq da edə bilməz. Bunu insanlar da başa düşür və qəbul edirlər. İndi iqtisadi və mədəni fəaliyyətlərin davamiyyəti üçün ən gözəl yol onları dayandırmamaq eyni zamanda səhiyyə protokollarına riayət etməkdir. Bunun ikinci bir yolu yoxdur.”

 

İnterAz SalamNews-a istinadla xəbər verir ki, bunu İranın prezidenti Həsən Ruhani deyib.

 

Bu gün Tehranda ölkənin Koronavirusla Mübarizə Mərkəzinin toplantısında çıxış edən Həsən Ruhani bildirib ki, hökumət iqtisadi fəaliyyəti uzun müddət üçün dayandıra bilməyəcək.

 

O bildirib ki, dünyada heç bir dövlət koronavirusa görə iqtisadi fəaliyyəti altı aylıq belə dayandırmağa qadir deyil.

 

Həsən Ruhani eyni zamanda bildirib ki, ölkədə pandemiya ilə bağlı toylar və yas məclisləri kimi tədbirlərin dayandırılması, hətta dövlət imtahanlarının da Səhiyyə Nazirliyinin protokollarına və qaydalarına uyğun keçirilməsi zəruridir.

 

Qeyd edək ki, İranda koronavirusdan ölənlərin sayı 12,448-ə, yoluxanların sayı isə 252 minə çatıb.

 

İranda Covid-19 xəstələrindən 215 mini sağalıb.