Husilər Səudiyyə Ərəbistanı ərazisini ballistik raketlər və PUA-larla hədəfə aldıqlarını bildiriblər

... Husilər elan ediblər ki, onların hücumları nəticəsində hədəflər dəqiqliklə vurulub

Bakı, Gülnarә Quliyeva, İnteraz - 13 Iyul 2020, 14:15

Husilər Səudiyyə Ərəbistanın hücumlarına cavab olaraq, bu ölkənin ərazisində hərbi hava limanları, qərargahlar və digər strateji obyektləri hədəfə aldıqlarını bildiriblər.

 

İnterAz SalamNews-a istinadən xəbər verir ki, bu barədə mərkəzi qərargahları paytaxt Sənada yerləşən Yəmən Silahlı Qüvvələrinin mətbuat katibi briqada generalı Yəhya Səri bəyanat verib.

 

Bildirilib ki, Səudiyyə Ərəbistanın ötən gün Həcca əyalətində həyata keçirdiyi hava zərbələrinə cavab olaraq və “Tənuma” qətliamının yüzüncü ildönümü və ölkənin mühasirədə saxlanılmasına qarşılıq olaraq, Səudiyyə Ərəbistanında bir sıra hava limanları, qərargahlar və digər strateji və iqtisadi obyektlər ballistik raketlər və PUA-larla hədəfə alınıb.

 

Husilər elan ediblər ki, onların hücumları nəticəsində hədəflər dəqiqliklə vurulub.

 

Eyni zamanda Səudiyyə hərbi koalisiyası Yəməndən atılan 4 ballistik raket və 6 PUA-nı havadan müdafiə sistemlərilə vurduğunu bəyan edib.